Yevlax polisindən əməliyyat



Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Baş İdarənin Qərb Bölgəsində Regional Şöbəsinin və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında həyata keçirilən tədbirlər zamanı Yevlax rayon sakinləri Vahid Əliyev, Əli Əliyev və Namiq Əsgərov saxlanılıblar.

Saxlanlan şəxslərin üzərinə keçirilən baxış zamanı V.Əliyevdən iki büküm və Ə.Əliyevdən səkkiz büküm narkotik maddə olan heroin, N.Əsgərovdan isə təmiz çəkisi 355 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.


Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Ramil Abdullayev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə - heroin aşkarlanıb. Dindirilmə zamanı R.Abdullayev narkotik maddəni tanışı Ramil adlı şəxsdən aldığını bildirib.


Əməliyyat tədbirlərinin davamı olaraq Ramil Abışov da saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə keçirilən baxış zamanı 5 büküm heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.