Vaxtı keçmiş dərman vasitələrindən istifadə yolverilməzdir


Hər bir evdə xroniki xəstəlikləri müalicə etmək üçün dərmanlar, həmçinin ilkin tibbi yardıma lazım olan vasitələr olur. Lakin dərmanları evin istənilən guşəsində, məsələn, mətbəxdə və ya hamam otağında saxlamaq məsləhət görülmür, çünki otağın temperatur və rütubəti nəzərə alınmalıdır. Evin həmin guşələrdə dərman saxlanılması üçün uyğun şərait yoxdur. Dərmanların qonaq və ya yataq otaqlarında saxlanılması daha məqbuldur.

Dərman vasitələrinin effektivliyi onların düzgün saxlanılmasından da asılıdır. Əgər dərmanlar tələb olunan şəraitə uyğun qorunmursa, onda həmin vasitələr istifadə müddəti bitmədən keyfiyyətini itirir, ən pis halda isə onun qəbulu orqanizmə ciddi zərər verə bilər. Həblər rəngini dəyişərək ovulub tökülərsə, kapsulların örtüyü dağılarsa, bir-birinə yapışarsa və ya əziklər əmələ gələrsə, damcıların rəngi qaralarsa, mazların isə içində bərk hissəciklər yaranarsa, həmin əlamətlər dərman vasitələrinin artıq sıradan çıxdığını göstərir.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Pərviz Əzizbəyovun verdiyi məlumata görə, hər bir dərman vasitəsinin üzərində qeyd olunan saxlama şəraitinə ciddi yanaşmaq vacibdir: “Adi saxlanma şəraiti tələb edən dərman vasitələri quru, yaxşı havalandırılan sahələrdə və 15-25° C temperaturda saxlanılmalıdr. Bu zaman kənar qoxu və çirklənmələr olmamalıdır və klimatik şəraitdən asılı olaraq dərman vasitəsi 30° C temperatura kimi saxlanıla bilər. Xüsusi saxlanma şəraiti tələb edən dərman vasitələri var və onlar müsbət 2-8° temperatur arasında saxlanılmalıdır. Dərmanlar üzərində göstərilən son istifadə tarixinə qədər yararlıdır, həmin vaxtdan sonra onun istifadəsi qadağandır”.

Şöbə müdirinin dediyinə görə, elə dərmanlar var ki, qablaşdırılması açılandan bir müddət sonra istifadəsini dayandırmaq lazımdır: “Bəzi məhlullar, məsələn, göz damcıları üzərində son istifadə müddəti 2-3 il göstərilsə də, qablaşdırma açılandan sonra 15 gün, uzağı 1-2 ay ərzində istifadə oluna bilər”.

Belə olan halda dərman vasitələrini ilkin yardım çantasına yerləşdirməzdən əvvəl həmin məqamları diqqətlə araşdırmaq lazımdır. Hətta bunu unutmamaq üçün qablaşdırmanın üzərində onun açılma tarixini yazmaq da olar.