Sumqayıtda şəhidin xatirəsi anılıb


Sumqayıtda Vətən müharibəsi şəhidi, əsgər Səbuhi Əlixan oğlu Həsənquliyevin xatirəsi yad edilib.

AZƏRTAC xəbər verir ki, şəhidimizin 19-cu doğum gününə həsr edilmiş xatirə tədbirində Milli Məclisin deputatı Müşfiq Məmmədli, Qafqaz Müsəlmanları İdarəsinin Abşeron, Sumqayıt və Xızı bölgəsi üzrə qazısı, Sumqayıt şəhəri "Cümə" məscidinin axundu Hacı Rauf Sərdarov və şəhər ictimaiyyətinin nümayəndələri şəhid qəhrəmanın ata ocağını ziyarət edib, şəhidimizin şərəfinə hazırlanmış barelyefin açılışında iştirak ediblər.

M.Məmmədli şəhidimizin keçdiyi döyüş yolu haqqında danışaraq Vətən müharibəsində göstərdiyi şücaətdən bəhs edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış tarixi qələbədə Səbuhi kimi vətən oğullarının müstəsna xidmətini xüsusilə vurğulayıb. Şəhidin valideynlərinə nümunəvi övlad yetişdirdikləri üçün təşəkkür edərək onu heç zaman unutmayacaqlarını söyləyib.

Sonra şəhər ictimaiyyəti ilə birlikdə Sumqayıt Şəhidlər xiyabanında qəhrəman şəhidimizin məzarı ziyarət olunaraq üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.