Sosial-iqtisadi layihələr əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir


Azərbaycan Prezidenti İlham Əliyevin Hacıqabul rayonuna səfəri ölkəmizdə regionların sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirildiyini deməyə əsas verir. Dövlətimizin başçısı Hacıqabul rayonunda reallaşdırılan infrasturktur layihələri, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin işğaldan azad edilən ərazilərdə aparılan bərpa prosesi, Zəngilan rayonunda həyata keçirilməsi planlaşdırılan “Ağıllı kənd” layihəsi ilə bağlı görüləcək işlərdən danışdı. Dövlətimizin başçısı Hacıqabul rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində bir çox önəmli məqamlara toxunub. Prezident İlham Əliyev müsahibəsində qeyd etdiyi önəmli məqamlardan biri də Zəngəzur dəhlizinin yaradılması ilə yanaşı, erməni faşizminin törətdiyi vəhşiliklərlə bağlı idi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, COVID-19 pandemiyasının yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda regionların sosial-iqtisadi inkişaf strategiyası uğurla davam etdirilir. Pandemiya şəraitində Prezident İlham Əliyevin regionlara vaxtaşırı səfər etməsi, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edən layihələrin icrasını nəzarətdə saxlaması dövlətimizin başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür. Şübhəsiz ki, regionlarda həyata keçirilən sosial-iqtisadi layihələr Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsinə, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılmasına, işsizlik probleminin həllinə, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

T. Cəfərova qeyd edib ki, Ermənistan tərəfinin minalanmış yerlərin xəritəsini vermək istəməməsi Ermənistanın növbəti müharibə cinayətidir. Əlbəttə ki, aidiyyəti qurumlar, beynəlxalq təşkilatlar Ermənistanın növbəti cinayətinə səssiz qalmamalıdır. Otuz ilə yaxın müddətdə münaqişənin dondurulmasına çalışan qurumlar heç olmasa, postmünaqişə dönəmində ədalətli mövqe ortaya qoymalıdırlar. Məhz xəritələrin verilməməsi nəticəsində 100-dən çox mülki vətəndaş yaralanıb və ya həlak olub.

“Bütün maneələrə baxmayaraq, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir. Həmin ərazilərin elektrik təchizatı və xüsusilə yol infrastrukturunun yaradılması ilə əlaqədar işlər sürətlə davam edir”, - deyə Tamam Cəfərova bildirib.

Deputatın sözlərinə görə, türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın tarixi missiyasıdır. Prezident İlham Əliyevin sözləri ilə desək, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir”. Müharibə başa çatandan dərhal sonra Azərbaycan bütün istiqamətlərdə işlərə başlayıb. Nəzərə alsaq ki, həmin torpaqların ərazisi 4 Lüksemburqa bərabərdir. Müqayisə aparmaqla həmin əraziləri təsəvvür etmək mümkündür. Nəzərə almaq lazımdır ki, 4 Lüksemburq boyda ərazini Azərbaycan yenidən inşa etməlidir, çünki mənfur düşmən bütün infrastrukturu məhv edib, dağıdıb. İndi bütün dünya erməni faşizminin hansı vəhşilikləri törətməyə qadir olduğunu öz gözləri ilə görüb. Azərbaycan müharibə nəticəsində ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də erməni faşizmini məhv edib.

Tamam Cəfərova vurğulayıb ki, Ermənistandakı bəzi revanşist qüvvələr artıq hər şeyin gec olduğunu və uduzduqlarını anlamalıdırlar. Azərbaycan heç vaxt erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcək. Düşmən tərəfdən hər hansı təhdidin qarşısı mütləq alınacaqdır.