Regional inkişafın yeni mərhələsi


Azərbaycan XXI əsrdə inkişafın milli modelini yaradıb. Bir çox ölkələr üçün nümunə olan bu modelin bir sıra səciyyəvi xüsusiyyətləri var. Bunlardan biri bütün sahələrdə və ölkə miqyasında tarazlı inkişafa nail olunmasıdır. Regionların sosial-iqtisadi inkişafının davamlılığının təmin olunması isə bu baxımdan xüsusi yer tutur.

Regionların sosial-iqtisadi inkişafı diqqət mərkəzində

2004-cü ildən etibarən Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və müvafiq tapşırıqları ilə qəbul edilən, icrası uğurla təmin olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının səmərəli nəticələri göz önündədir. Təsadüfi deyil ki, dövlət başçısı aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsi zamanı “Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir” deyib.

Bu proqramların uğurlu icrası nəticəsində əhalinin məşğulluq səviyyəsi, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi artıb, insanların rifahı daha da yaxşılaşıb, müxtəlif sahələrdə inkişaf dinamikası sürətlənib. Beləliklə, əldə olunmuş nailiyyətlər gələcək inkişaf üçün də mühüm sosial-iqtisadi baza yaradıb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

İşğaldan azad edilmiş ərazilərdə görülən işlər strateji əhəmiyyət daşıyır

Bu gün artıq Azərbaycanın qarşısında yeni perspektivlər açılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoyub. Burada işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq xüsusi yer tutur. Artıq bu prosesə başlanıb, əsas infrastruktur layihələrinə start verilib.

Prezident İlham Əliyevin bəhs olunan müsahibəsində qeyd etdiyi kimi, azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq. Həm xətlər çəkilir, həm yeni yarımstansiyalar tikilir. Bunlarla yanaşı, həmin ərazilərdə strateji əhəmiyyətli işlər bir neçə istiqaməti əhatə edir. Bunlardan biri yol infrastrukturunun yaradılmasıdır. Bu, kommunikasiya imkanlarının ən yüksək səviyyədə formalaşdırılması baxımından əhəmiyyətlidir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisinə başlanıb, Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu yaradılmaqdadır. Digər istiqamət beynəlxalq hava limanları tikintisinin həyata keçirilməsidir. Dövlət başçısının da vurğuladığı kimi, Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək.

Eyni zamanda, bərpa-quruculuq işləri çərçivəsində bütün şəhərlərin baş planları hazırlanır. Prezident İlham Əliyev sözügedən müsahibəsində “Hesab edirəm ki, bu, ilk növbədə, Ağdam şəhərini əhatə edəcək. Ümid edirəm, may ayının sonuna qədər Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq və əlbəttə ki, ondan sonra, o cümlədən Ağdam rayonunun ictimaiyyəti ilə birlikdə müzakirə ediləcək. Digər şəhərlərimizin də baş planları hazırlanır” deyib. Bütövlükdə isə Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib.

İşğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi isə sözün əsl mənasında, regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş məmnunluğunun artırılması baxımından çox önəmlidir.

Əlbəttə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən işlər strateji əhəmiyyətə malikdir. Bu, bütövlükdə Azərbaycanda regional inkişafın yeni mərhələsinin başlanmasına təkandır.