Qazilərin 69 və 40 manatlıq malına qarşı haqsızlıq – VİDEO – AÇIQLAMA

“Dünyada qələbəylə qayıtmış müharibə iştirakçıları hər zaman hökumətdən gözləntiləri olur. Mən Nyu-Yorkda Vyetnam müharibəsində iştirak etmiş insanların qəbirstanlıqda dini söhbətlərini dinləmişəm. Onlar ABŞ kimi dünyanın güclü, varlı dövlətindən belə tələbləri olub ki, hökumət də onların tələbi qarşısında özünü rahat hiss etməyib.”


Bu sözləri Muğan TV-yə açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov 44 günlük Vətən müharibəsində iştirak edən insanların sosial durumlarıyla bağlı münasibətini bildirərkən söyləyib. Onun sözlərinə görə, qələbə ilə bitmiş bu müharibədə hökumət öz üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirir:


“Lakin cəmiyyətin də burada böyük rolu vacibdir. Məsələn, müharibə iştirakçılarıyla bağlı iki şikayət məni təəccübləndirdi. Birinci Qarabağ müharibəsinin leytenantı iki gözünü itirib və dünya işığına həsrət qalıb. Onun təlabatını ödəmədiyi üçün 69 manatlıq bir cihazı geri qaytarmaq istəyirdi. Amma qarşı tərəf bunu tam inkar edirdi. Mən onlara dəfələrlə bildirdim ki, o həm müharibə iştirakçısıdır, həm də titul alan bir qazidir. Onun hüquqlarını çətinliklə olsa da, müdafiə etdim. Hətta mağaza sahibi bildirdi ki, məşhur Birinci dünya müharibəsinin generalının qohumudur…


Bu yaxınlarda isə başqa bir şikayətlə müraciət olundu. Qarabağ müharibəsinin iştirakçısı olanın malını haqlı olduğu halda dəyişmək və ya geri qaytarmaq istəmirdilər. Mən isə bu barədə İqtisadiyyat Nazirliyinə müraciət etdim. Ümumiyyətlə, cəmiyyətin bəzi insanları, xüsusən də ticari işlərlərlə məşğul olanlar Vətən müharibəsində iştirak etmiş insanlara diqqətlə yanaşmırlar. Onu da qeyd edim ki, biznes qurumları 44 günlük Vətən müharibəsindən qayıdan qazilərə dəstəyi az olmayıb. Hətta biz onların maşın karvanlarını cəbhəyə necə yola salınmasının da şahidi olduq. Lakin mağaza satıcısı Qarabağ müharibəsinin iştirakçısının 40 manatlıq malını dəyişmək və ya qaytarmaq üçün heç bir addım atmaması təəccüb doğurur.”


E.Hüseynov onu da vurğulayıb ki, müharibədən sonra qazilər cəmiyyətin və dövlətin qayğısına ehtiyac duymalıdırlar. O, həmçinin qazilərə qarşı diqqətli olmağı vacib amil kimi qeyd edib:


“Əlbəttə belə bir vəziyyətdə cəmiyyət bir olub, qaziyə kömək etsələr, bu, daha yaxşı olardı. Onlar cəmiyyətin, eləcə də dövlətin sevgisini hiss etməlidirlər. Azad İstehlaçılar Birliyi olaraq, bütün insanlara təmənassız xidmət göstərdiyimiz kimi, müharibə iştirakçılarına da çox diqqətlə yanaşırıq. İstehlakçı hüquqlarının qorunmasında mümkün olanları edirik.”

Şahnun Qasımova

Elnur Ağayev

Muğan TV