Muxtar respublikada bu il 60 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub


Bu günədək muxtar respublikanın Şərur və Babək rayonlarının hər birində 2, Kəngərli rayonunda isə 6 hektar sahədə tütün əkilib. Ümumilikdə isə bu il 60 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 2017-ci ildən başlayaraq “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Kəngərli rayonunun Təzəkənd və Xıncab kəndlərinin ərazilərində yetişdirilən tütün şitilləri muxtar respublikanın bir çox bölgələrində əkilir.

Ötən dövrdə “Vircinya”, “Oriental” və “İzmir” sortlarının yetişdirildiyi Tütün Yetişdirmə Təsərrüfatında bu il “Vircinya” və “Pirlep-66” sortlarından olan şitillər əkilib. Belə ki, yetişdirilən tütün şitillərinin 1,5 hektarını “Pirlep-66”, 4,5 hektarını isə “Vircinya” sortu təşkil edib. Burada 40-a yaxın kənd sakini mövsümi işlərə cəlb olunub. Artıq istixana şəraitində yetişdirilən tütün şitillərinin əkin sahələrinə köçürülməsinə başlanılıb.