Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı onlayn-sorğu başa çatır


İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədi ilə keçirilən birinci sosioloji tədqiqat - onlayn-sorğu başa çatır.

ADA Universitetindən Trend-ə verilən məlumata görə, onlayn-sorğunun fəaliyyəti 25 aprel saat 20:00-da dayandırılacaq. Bundan sonra məlumatların emalı və təhlili başlayacaqdır.

Bu il fevralın 22-də açılmış bu internet sorğusu ADA Universitetində yaradılmış və müxtəlif elm-təhsil müəssisələrinin mütəxəssislərindən ibarət olan xüsusi Tədqiqat qrupu tərəfindən dövlət sifarişi əsasında keçirilir. Sorguda 65 min nəfər iştirak etmiş, sorğu səhifəsinə baxış sayı isə 400 mini aşmışdır. Bütün iştirakçıların fərdi məlumatları konfidensial saxlanılır.