İsmayıllıda kənd yolları yenidən qurulur


İsmayıllı rayonunun Hacıhətəmli İnzibati Ərazi Dairəsi üzrə Hacıhətəmli-Kürd-Eldarbəyli və Gideyli kənd yollarında yenidənqurma işlərinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda ayrılan xüsusi texnikalarla yollarda hamarlanma işləri aparılır və ilin sonuna kimi yolların tam asfaltlaşdırılması nəzərdə tutulub. Dəniz səviyyəsindən 416 metr yüksəklikdə yerləşən Hacıhətəmli-Kürd-Eldarbəyli kəndi rayon mərkəzindən 46 kilometr, dəniz səviyyəsindən 411 metr yüksəklikdə yerləşən Gideyli kəndi isə 45 kilometr cənub-qərbdə yerləşir.

Kənd yollarının asfaltlaşdırılması Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulub. İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Ümumi uzunluğu 13 kilometr olan yol kəndlərdə yaşayan 1000 nəfərə yaxın əhalinin gediş-gəlişini asanlaşdıracaq.

Hazırda pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyana, ölkəmizin Vətən müharibəsindən yeni çıxmasına baxmayaraq İsmayıllı rayonunda da nəzərdə tutulan layihələr, abadlıq-quruculuq işləri uğurla davam edir. Bütün bunlar ölkəmizin, həm də iqtisadi qüdrətinin nəticəsidir. Bu gün İsmayıllıda çəkilən hər bir yol sabah bizi Şuşaya, Qarabağımıza aparacaq.