FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Göyçay rayonunun Ləkçıplaq kəndinin ərazisində yerləşən biçilmiş taxıl sahəsində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Muğan TV-nin Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, maarifləndirmə tədbirində rayon Polis şöbəsinin, "Aqrolizinq" MMC-nin məsul əməkdaşları, habelə, Ləkçıplaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, fərdi təsərrüfat rəhbərləri iştirak ediblər.

Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirlərindən danışılıb, kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, tədbirdə kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən su götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.