Füzuli-Horadiz İcma Resurs Mərkəzi fəaliyyətə başlayıb


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə Füzulidə İcma Resurs mərkəzinin açılış olub. Açılış mərasimində Dövlət Komitəsinin sədri Bahar Muradova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti və başqaları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı qonaqlara Ermənistanın təcavüzü nəticəsində mülki vətəndaşlara qarşı törədilən terror cinayətləri barədə məlumat verib.

Füzuli-Horadiz İcma Resurs Mərkəzinin açılışında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mərkəzin zərər çəkmiş ailələrə dəstək göstərilməsində, onların cəmiyyətə reinteqrasiyasında mühüm rol oynayacağını bildirib. O qeyd edib ki, yeni mərkəzin istifadəyə verilməsi ilə ölkə üzrə İcma Resurs mərkəzlərinin sayı 12-yə çatıb.

BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti Azərbaycan hökuməti və bir sıra beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən layihələrdə diqqətin daim həssas qruplara yönəldiyini vurğulayıb. O, mərkəzlərin açılmasının zərər çəkmiş vətəndaşlara dəstək göstərilməsi məqsədi daşıdığını bildirib.

Çıxışlardan sonra qaçqın və məcburi köçkün ailələri üçün ixtisasartırma təlimlərinin keçirilməsi, psixososial yardımın göstərilməsi ilə bağlı rəy və təkliflər bildirilib, diskussiya aparılıb. Tədbir müzakirələrlə davam edib.

Qeyd edək ki, “Azərbaycanın Füzuli-Horadiz, Ağcabədi və Tərtər rayonlarında əhalinin ən həssas qruplarının tezliklə bərpa edilməsi və icmanın dayanıqlılığının təmin edilməsi” layihəsi çərçivəsində yaradılan İcma Resurs mərkəzləri zərər çəkmiş icmaların ən vacib ehtiyaclarının müəyyənləşdirilməsinə kömək etmək, o cümlədən əsas diqqəti qadın, uşaq və əlilliyi olan şəxslərə yönəltməklə zərər çəkmiş vətəndaşlara biznes məsləhət xidmətləri də daxil olmaqla sosial-iqtisadi bərpa dəstəyinin verilməsi məqsədi daşıyır.