DİN: Ötən iki gün ərzində törədilmiş 78 cinayətin üstü “isti izlər”lə açılıb




Daxili İşlər Nazirliyi (DİN) mayın 1-də və 2-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 78 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 29 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında iki yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə iki nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 52, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirib.

Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanılıb.