Cavid Qurbanov Ağdaban faciəsi ilə bağlı Prezidentə müraciət edib


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Ağdaban faciəsi ilə bağlı Prezidentə müraciət edib.

"Muğan TV" i SalamNews-ə istinadən həmin müraciəti təqdim edir:

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Əsrlər boyu mənfur qonşumuzun xalqımıza qarşı törətdiyi qanlı cinayətlər, soyqırımlar tariximizdə, milli-mənəvi yaddaşımızda dərin izlər buraxmışdır. 1918-ci ilin mart, 1992-ci ilin Xocalı soyqırımı hadisələrinin davamı kimi, erməni vandalları 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində də xalqımıza qarşı amansız soyqırımı törətdilər. Bu soyqırımı aktı zamanı onlarla dinc sakin qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi, insanlar diri-diri yandırıldı, kənd tamamilə yerlə-yeksan edildi. Erməni vandalları məqsədli şəkildə ədəbi irsimizə qəsd edərək klassik ədəbiyyatımızın və el sənətimizin tanınmış nümayəndələri ağdabanlı Şair Qurbanın və Aşıq Şəmşirin nadir əlyazmalarını yandırıb kül etdilər.

Hadisənin miqyasına, baş verən faciənin dəhşətlərinə rəğmən, həmin dövrdə ölkəmizə rəhbərlik edənlər nəinki qanlı hadisənin faktlaşdırılmasına, sənədləşdirilməsinə və dünyaya çatdırılmasına cəhd göstərdilər, hətta həlak olanların yaxınlarına belə adi başsağlığı vermədilər.

Yalnız ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə 20 Yanvar faciəsi, 1918-ci il mart və Xocalı soyqırımları kimi, Ağdaban soyqırımına da siyasi qiymət verildi.

Zati-alinizin Birinci Qarabağ müharibəsi zamanı xalqımıza qarşı törədilmiş müharibə cinayətlərindən bəhs edərkən Xocalı soyqırımı ilə yanaşı, Ağdaban soyqırımını da qeyd etməyiniz hər bir ağdabanlının, kəlbəcərlinin yarasına məlhəm, faciə qurbanlarının ailələrinə böyük təsəllidir. Bu gün çox qürurluyuq ki, Sizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ardıcıl səyləri nəticəsində artıq bütün dünya Azərbaycan həqiqətlərini qəbul edir.

Siz də bildiyiniz kimi, Ağdaban kəndi strateji baxımdan bölgə üçün mühüm əhəmiyyətə malik olmaqla yanaşı, mənəvi cəhətdən də böyük önəm daşımaqdadır. Ağdaban Azərbaycan ədəbiyyatına, minillik ozan sənətimizə Şair Qurban, Dədə Şəmşir kimi görkəmli şəxslər bəxş etmiş bir kənddir. Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyev ağdabanlı Dədə Şəmşirin yaradıcılığına böyük dəyər verərək, onun 80 və 110 illik yubileylərinin qeyd edilməsi ilə bağlı qərarlar qəbul etmiş, Aşıq Şəmşiri “Şərəf” nişanı və “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif etmişdir. Aşıq Şəmşir Heydər Əliyevin müdrik siyasətinin alovlu təbliğatçısı olmuş, əsərlərində xalqımızın böyük oğlunun parlaq obrazını yaratmışdır. Aşıq Şəmşirin 125 illik yubileyinin keçirilməsi haqqında Zati-alinizin imzaladığı Sərəncam ustad sənətkarın irsinə verilmiş yüksək qiymətin növbəti bariz nümunəsidir.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyiniz, Ali Baş Komandan kimi yenilməz sərkərdəlik məharətiniz və Milli Ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər hər birimizin qəlbini böyük fərəh və qürur hissi ilə doldurmuşdur. Vətən müharibəsindəki parlaq Qələbəmiz həm də Ağdaban soyqırımını törədənlərin üzərində qazanılmış tarixi Zəfərdir. Şükürlər olsun ki, bütün şəhidlərimiz kimi, Ağdaban şəhidlərinin də qisası alındı, ruhları şad oldu.

Bu gün işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Kəlbəcərdə aparılan nəhəng quruculuq işləri bütün kəlbəcərliləri, o cümlədən ağdabanlıları böyük gələcəyə və işıqlı sabahlara ümidləndirir. Çox xoşbəxtik ki, bu gün Sizin tapşırığınızla Kəlbəcərə, Ağdabana yeni abad yollar çəkilir, infrastrukturun qurulması üzrə tədbirlər görülür. İnşallah, ən yaxın müddətdə Sizin başçılığınız altında sakinlərimiz doğma dədə-baba yurdlarına dönəcək və əvvəlki şad-xürrəm həyatlarını daha gözəl şəkildə davam etdirəcəklər.

Allah Sizi, ailənizi, xalqımızı və dövlətimizi qorusun.

Dərin hörmət və ehtiramla,

Qurbanov Cavid, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri.