Bu gün şahmat üzrə iddiaçılar turniri start götürəcək


Aprelin 19-da şahmat üzrə iddiaçılar turniri start götürəcək.

AZƏRTAC xəbər verir ki, Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları, lakin koronavirus pandemiyası səbəbindən dayandırılmış turnir bu gün davam etdiriləcək.

İddiaçılar turniri martın 26-da 7-ci turdan sonra yarımçıq dayandırılıb. Yeddi turdan sonra Yan Nepomnyaşi (Rusiya) və Maksim Vaşe-Laqrav (Fransa) 4,5 xalla birinci və ikinci yerləri bölüşürlər. Yarışın digər iştirakçıları Van Hao (Çin), Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland), Aleksandr Qrişuk (Rusiya) 3,5, Kiril Alekseyenko (Rusiya) və Liren Dinq (Çin) 2,5 xal toplayıblar.

Bu gün Fabiano Karuana Maksim Vaşe-Laqrav, Van Hao Liren Dinq, Yan Nepomnyaşi Aniş Giri, Kiril Alekseyenko Aleksandr Qrişukla mübarizə aparacaqlar.

Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.