Babək rayonunun qəsəbə və kəndlərində kompleks quruculuq işləri aparılır


Muxtar respublikanın bütün bölgələri kimi, Babək rayonunda abadlıq-quruculuq işlərinin həcmi genişlənir. Bu ilin mart ayından etibarən rayonun Araz kəndində kənd və xidmət mərkəzləri, məktəb binası tikilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 88 şagird yerlik olacaq təhsil ocağında tikinti işlərinin bu ilin sentyabr ayınadək yekunlaşdırılması nəzərdə tutulub. Burada 11 sinif otağı, kitabxana, şahmat və kompüter sinifləri, fizika və kimya laboratoriyaları, hərbi kabinə fəaliyyət göstərəcək.

Ötən ildən başlayaraq Araz kəndində içməli su və kanalizasiya sistemlərinin də çəkilişi həyata keçirilir. Artıq evlərdə birləşmələr aparılıb. Yaxın günlərdə işlərin başa çatdırılması planlaşdırılır.

Babək rayonunun ucqar dağ kəndlərindən olan Göynükdə də quruculuq işləri aparılır. Belə ki, dövlət qurumlarının yerləşdiyi köhnə, nimdaş binalar sökülür. Yaşayış məntəqəsində müasir layihə əsasında məktəb, kənd və xidmət mərkəzləri inşa olunacaq, yollar abadlaşdırılacaq.

Rayondakı quruculuq ünvanlarından biri də Sirab kəndidir. 2009-cu ildə burada kənd mərkəzi, həkim ambulatoriyası, məişət evi tikilib istifadəyə verilib. Kənd əhalisinə ikimərtəbəli ticarət mərkəzi xidmət göstərir. 2000-ci ildə tikilmiş 624 şagird yerlik tam orta məktəb binası 2008-ci ildə əsaslı təmir olunaraq şagird və müəllimlərin istifadəsinə verilib. Zaman durmadan dəyişir və həmin təhsil ocağı da müasir tədris metodlarından kənarda qaldığı üçün yenidənqurma işlərinə zərurət yaranıb. Yenidənqurmadan sonra məktəb 4 mərtəbəli və 960 şagird yerlik olacaq, elektron lövhəli siniflər, laboratoriyalar, fənn kabinələri yaradılacaq. Bütün bunlar imkan verəcək ki, hər il ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında, olimpiadalarda yüksək nəticə göstərən Sirab kənd tam orta məktəbi uğurlarını daha da artırsın.

Naxçıvan Muxtar Respublikasında tarixi abidələrin, türbələrin, məscid və ziyarətgahların bərpası daim diqqət mərkəzində saxlanılır, onlara ikinci həyat verilir. Babək rayonunun Cəhri qəsəbəsindəki tarixi məscid də müasir layihə əsasında yenidən inşa olunur. İbadət ocağı ikimərtəbəli olacaq. Birinci mərtəbə kişilər, ikinci mərtəbə isə qadınlar üçün nəzərdə tutulub. Məscidin minarəsi 19 metr olacaq və burada axund otağı da yaradılacaq.

Qeyd edək ki, ötən il Babək rayonunda Baytarlıq İdarəsi üçün yeni inzibati bina inşa olunub, Nəcəfəlidizə kəndində kompleks quruculuq işləri aparılıb, rayon mərkəzi olan Babək şəhərində isə müasir üslubda bazar kompleksi tikilərək istifadəyə verilib.