"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin Müşahidə Şurasının iclası keçirilib


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının 2021-ci il üzrə növbəti iclası keçirilib.

Azərbaycan İnvestisiya Holdinqindən “APA-Economics”ə verilən məlumata görə,iclasda Müşahidə Şurasının üzvləri, ASCO-nun İdarə Heyətinin sədri və üzvləri iştirak ediblər.

Məlumata görə, Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi iləkeçirilən iclasda Müşahidə Şurasının fəaliyyətində səmərəliliyin artırılması, ASCO-nun idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədilə yaradılan komitələrin əsasnamələri və tərkibləri, eləcə də korporativ katib haqqında əsasnamə müzakirə olunaraq təsdiq edilib.


İclasda Müşahidə Şurasının və ASCO-nun İdarə Heyətinin üzvləri Cəmiyyətin 2020-ci ildəki fəaliyyətini əks etdirən maliyyə hesabatlarını müvafiq olaraq auditi həyata keçirmiş beynəlxalq audit şirkətinin nümayəndələri ilə birgə müzakirə ediblər.

Bununla yanaşı, iclas zamanı Cəmiyyətin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikası ilə bağlı beynəlxalq mütəxəssislərin iştirakı ilə təqdimat həyata keçirilib və Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində fikirlər səsləndirilib. İclasda fəaliyyət diaqnostikasının nəticələri nəzərə alınmaqla ASCO-nun yeni çağırışlara cavab verən fəaliyyət strategiyasının hazırlanması istiqamətində də müvafiq tapşırıqlar verilib.

ASCO-nun Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.