Almaniya və Fransada Ermənistanın mina xəritələrinin verməsi tələbi ilə aksiya keçirilib


Almaniyanın Münxen şəhərində fəaliyyət göstərən Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzi tərəfindən Münhen şəhərində yerləşən Milli Televiziya (Bayerischer Rundfunk) və Bavariya Parlamentinin qarşısında sakit aksiya təşkil olunub.

"Muğan TV" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Aksiyada məqsəd Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritəsinin verilməməsidir.

Əllərində minalanmış ərazilərə, minaların zərərli təsirlərinə qarşı plakatlar tutmuş aksiya iştirakçıları Ermənistan hökumətindən minalanmış ərazilərə dair xəritələrin verilməsini tələb edib.

Bundan başqa, Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) təşəbbüsü ilə Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməməsinə etiraz əlaməti olaraq aksiya təşkil edilib.

Aksiyada Nant şəhərində fəaliyyət göstərən "Qarabağ" Azərbaycan məktəbinin şagirdləri fəal iştirak ediblər. "Minalanmış ərazilərimizin xəritəsini istəyirik!" tələbinin nümayiş etdirildiyi aksiya şəhər meriyası və Nantın digər müxtəlif yerlərində baş tutub.

Bununla azərbaycanlı məktəblilər Ermənistanın beynəlxalq humanitar hüququ və etnik azərbaycanlıların doğma torpaqlarına qayıtmaq, öz evlərində yaşamaq hüququnu kobudcasına tapdaladığına diqqəti cəlb ediblər.