Ağdam şəhərinə gedən avtomobil yolunun yenidən qurulmasına başlanılıb


Azərbaycanın işğaldan azad edilən ərazilərində Böyük Qayıdışı yaxınlaşdıran daha bir layihənin icrasına başlanılıb. Bu, Ağdam şəhərinə gedən avtomobil yolunun yenidən qurulmasıdır.

AZƏRTAC-ın bölgə müxbiri Ağdam rayonunun Təzəkənd kəndi istiqamətində yolun yenidən qurulması ilə bağlı görülən işlərlə tanış olub. Mühəndis Yunis Allahverdiyev bildirib ki, avtomobil yolu birinci texniki dərəcəyə uyğun olaraq 26,5 metr enində layihələndirilib. Yolda 2 gediş, 2 gəliş olmaqla, 4 hərəkət zolağı nəzərdə tutulub. Yol çiyinlərinin eni 3 metr, ayrıcı zolağının eni 2 metr, bərkidici zolaqlar isə 0,75 metrdir. Avtomobil yolunun üzərində 4 ədəd körpü, həmçinin suötürücü borular, mal-qara keçidləri inşa ediləcək.

Başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun uzunluğu 45 kilometrdən artıqdır. Hazırda şərti olaraq yolun 14-24-cü kilometrliyində yol yatağının inşası işləri həyata keçirilir. Yolun işğaldan azad olunan ərazilərdən keçən hissəsi minalardan və partlamamış sursatlardan təmizləndikcə həmin hissələrdə də tikinti işləri aparılacaq.