Ağcabədi-Xocavənd yolunda işlər yekunlaşmaq üzrədir (FOTO)


Prezident İlham Əliyevin Ağcabədi rayonunun Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq yenidənqurma işləri son mərhələ üzrə davam etdirilir.

Agentlikdən Trend-ə verilən məlumatda qeyd edilir ki, uzunluğu 41 km olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolları başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun müxtəlif km-lik hissələrindən götürür.

Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən yollar əsasən çınqıl örtüklü və torpaq əsaslı olduğundan təbii faktorların, suvarma və qrunt sularının təsirindən yararsız vəziyyətdə idi, torpaq yatağının eni normativlərə cavab vermirdi və yolun bir çox hissəsində təbii relyef ilə eyni səviyyədə idi. Bu səbəbdən yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq əsaslı şəkildə təmirinə ehtiyac var idi.

Dövlət başçısının müvafiq sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitətdiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yollarının V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol layihəsi hazırlandı. Layihəyə uyğun olaraq yolun bir-neçə marşrut üzrə yenidən qurulmasına start verildi. Bu Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27.4 km uzunluğa malik yollar, həmçinin 5.6 km Avşar, 2.9 km Salmanbəyli, 4.5 km Aşağı Avşar və 0.6 km Xocavənd kəndlərinin daxili yolları idi.

Layihənin birinci mərhələsi üzrə aparılan işlər çərçivəsində ilk olaraq Avşar kəndinə gedən 10 km-lik yolun, həmçinin kəndin 5.6 km-lik daxili yollarının yenidən qurulmasına başlanıldı.

Aparılan yenidənqurma işləri çərçivəsində yararsız örtük mexanizmlə söküldü, yolun deformasiyaya uğramış hissələri ekskovatorla qazılıb çıxarıldı, ardınca yolun dərədən keçən hissəsinin və torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri aparıldıqdan sonra karxana çınqılı ilə qazılmış və yuyulmuş hissələr dolduruldu, torpaq yatağının bərpası işləri görüldü.

Yollar boyu mövcud suötürücü borular çökərək istismara yararsız vəziyyətdə olduğundan yenidən təmir olunmasına, həmçinin əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac yarandığından müxtəlif diametrlərə malik metal və dəmir-beton boruların quraşdırılması işləri də həyata keçirildi.