Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi müsabiqə elan edib


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı: Türk dünyasının qürur mənbəyi, dünya ədəbiyyatının zirvəsi” adlı beynəlxalq müsabiqəyə start verilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzinin Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti, “Özbəkistan - Azərbaycan” Dostluq Cəmiyyəti ilə birlikdə keçirdiyi beynəlxalq müsabiqənin əsas məqsədi türk və Şərq dünyasında Nizami Gəncəvi və Əlişir Nəvai ədəbi irsinin daha geniş təbliği, xalqlar arasında dostluq, tarixi və ədəbi əlaqələrin gənc nəslə çatdırılmasıdır.

Mədəniyyət Mərkəzindən bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi, dahi şairin 880 illik yubileyi münasibətilə, habelə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunması haqqında” Sərəncamına əsasən müsabiqədə hər iki dahi şairin yaradıcılığına geniş nəzər salınacaq.

Müsabiqədə hər iki ölkədə fəaliyyət göstərən universitetlər, elm və mədəniyyət müəssisələri, alim və tədqiqatçılar, sənət adamları, jurnalistlərin iştirakı nəzərdə tutulub.

Aprelin 22-də başlayan müsabiqəyə dekabrın 1-də yekun vurulacaq.

Hər nominasiya üzrə birinci, ikinci və üçüncü yerin sahibləri AMM-in pul mükafatları və təşkilat komitəsinin fəxri fərmanları ilə mükafatlandırılacaqlar.

Qalib gələn elmi monoqrafiyanı Mədəniyyət Mərkəzi iki dildə çap etdirəcək.

Müsabiqəyə dair geniş məlumat AMM-in http://azculture.uz/musabiqeler.php?link=musabiqeler ünvanındakı veb-saytında yerləşdirilib.

Müsabiqənin Təşkilat Komitəsində hər iki ölkənin tanınmış alimləri, ədəbiyyatşünasları yer alacaq.